Torpaq muzeyi. Torpaq muzeyi torpaqların genezisi, coğrafiyası və xəritəçiliyi laboratoriyasının nəzdində 2003-cü ildə təşkil olunmuşdur.
Torpaq muzeyini təşkil etməkdə əsas məqsəd torpaq nümunələrinin, süxurların, monolitlərin yığılması, saxlanması, torpaqşünaslıq və aqrokimya elminin son 60 ildə olan nailiyyətlərini sistemləşdirmək və nümayiş etdirməkdən ibarətdir.
Ölkədə mövcud olan bioloji müxtəlifliyin genefonduna aid məlumat bazasının dünya standartları səviyyəsində sənədləşdirilməsi (pasportlaşdırılması), bioloji genetik ehtiyatların qorunması və bərpası məsələsinin ciddi qoyulması Azərbaycan Torpaqşünaslıq elmində yeni bir istiqamətin əsasını müəyyən edir.
Torpaq muzeyi Respublikanın bütün torpaq-iqlim zonalarını əhatə edən 50-yə qədər torpaq monolitləri əsasında yaradılmışdır. Bu torpaq monolitlərinin əksəriyyəti 1974-cü ildə Dünya Torpaqşünaslarının X qurultayına hazırlıq məqsədilə mərhum akademik Həsən Əliyevin təşəbbüsü və bilavasitə iştirakı ilə götürülmüşdür. Respublikanın bütün torpaq tiplərini əhatə edən bu monolitlər və onların mikrogenetik diaqnostikası Respublika torpaq örtüyünün qızıl fondu olub, genetik ehtiyatların öyrənilməsində, pasportlaşdırılmasında və bərpasında vacib rol oynayır.
Torpaq muzeyinin qarşısında qoyulmuş əsas istiqamət Azərbaycanın qədim və müasir torpaq və su sərvətləri bəradə məlumatı geniş ziyalı kütləsinə çatdırmaqdır. Burada dərc olunmuş elmi əsərlər, müxtəlif miqyaslı xəritələr, minerallar, uzun bir tarixi dövr ərzində institut əməkdaşlarının zəhməti sayəsində toplanmış bitki,torpaq nümunələri, əldə etdikləri müəlliflik şəhadətnamələri, diplomları və s. cəmlənmişdir. Müxtəlif dövlətləri əhatə edən bu zəngin material elmi araşdırmalar, xüsusən müqayisəli monitorinq aparmaq üçün əsas olacaqdır.